Müsavat rəhbərliyi prokurorluğa çağırılıb

Bu gün  Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərə, Müsavat Partiyasının başqanı Arif Hacılıya və partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlıya Baş Prokurorluqdan çağırış vərəqələri gəlib.
Müsavatın mətbuat departamentindən “Basta”ya verilən məlumata görə, prokurorluğuq İsa Qəmbəri, Arif Hacılını və Gülağa Aslanlını həbsdəki jurnalist Əfqan Muxtarlının işi ilə bağlı şahid qismində istintaqa cəlb edib.
Çağırışa əsasən İsa Qəmbər iyunun 16-da saat 15:00-da, Arif Hacılı iyunun 17-də saat 14:00-da, Gülağa Aslanlı isə iyunun 20-də ifadə vermək üçün Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə getməlidirlər.
Məlumatı şərh edən vəkil Nemət Kərimli Əfqan Muxtarlının işi ilə bağlı müxalifət liderlərinin istintaqa çağırılmasını absurd adlandırıb.
“Bu absurddur. Əfqan Muxtarlıya qarşı irəli sürülən ittihamlarla Arif Hacılını, İsa Qəmbəri necə əlaqələndirəcəkləri mənim üçün çox qaranlıqdır. Ola bilər ki, Əfqan Muxtarlının işini daha da böyütmək və bundan siyasi opponentlərə qarşı istifadə etmək istəyirlər”, – Nemət Kərimli bildirib.
Jurnalist Ə.Muxtarlının mayın 29-da yaşadığı Gürcüstandan zorla Azərbaycana gətirildiyi bildirilir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.
Ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumları onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını deyir. Rəsmi məlumata görə, bu zaman hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifidir.