Nar-CityNet abunəçiləri şikayət edir: İnternet niyə çöküb?

Nar-CityNet internet provayderinin xidmətində ciddi problem yaranıb. Bir çox ərazilərdə abunəçilərin interneti kəsilib.
Məsələ ilə bağlı saytımıza abunəçilər məlumat verib. Onların bildirdiyinə görə, problem bu gün səhərdən yaranmağa başlayıb. Xidmətin məlumat mərkəzinə dəfələrlə müraciət etsələr də, operatorlar problemlə bağlı dəqiq məlumat vermirlər.
Şikayətçilərin bildirdiyinə görə, üstəlik şirkətin məlumat mərkəzi onları “süründürür”. Problemlə bağlı operatorlardan soruşduqda, onlar texniki şöbə ilə əlaqələndirirlər, texniki şöbə də telefonda abunəçiləri uzun müddət gözlədir, sonra isə müraciətlərə cavab vermir.
Abzas.net olaraq, şirkətin ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlamaya çalışsaq da müraciətlərimizə cavab verən olmadı. Məlumat mərkəzindən isə saytımıza bildirdilər ki, bir çox ərazilərdə xidmətlə bağlı problem var, ona görə abunəçilərimizin çoxunda internet yoxdur.