”Nardaran işi”: Şahid istintaqdakı ifadəsindən imtina etdi

Şahid: Mən nə bilim ki, dövlət işçisi adımdan yalan sözlər yazar?

İyunun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi” üzrə təqsirləndirilən Zülfüqar Mikayılov, Elman Ağayev, Mehman Quliyev və digərlərinin məhkəməsi davam edib.
Meydan TV-nin məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi iclasda şahidlər ifadə verib. Tural Allahverdiyev adlı şahid deyib ki, Nardaran hadisələrindən sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb:
“Polislər gəlib evdən 6-cı bölməyə, oradan da idarəyə apardılar. Orada məndən Taleh Bağırzadə barəsində soruşdular. Mən də tanıdığımı, bir dəfə Qədir-xum bayramı ərəfəsində onunla bir məclisdə olduğumu dedim. Bildirdim ki, onun dövlət çevrilişi, dini dövlət qurmaq kimi fikirlərini heç vaxt eşitməmişəm”.
T.Allahverdiyev bildirib ki, ifadəni oxumadan imzalayıb:
“Mən nə bilim ki, dövlət işçisi adımdan yalan sözlər yazar? Həmin ifadəni təsdiq etmirəm, çünki demədiyim şeylər yazılıb”. T.Allahverdiyev Zülfüqar Mikayılov və Elman Ağayevi ruhani kimi tanıdığını, Abbas Hüseynlə tanış olduğunu da deyib.
Daha sonra onun istintaq zamanı imzaladığı ifadə elan edilib. Həmin ifadədə yazılıb ki, A.Hüseyn Tural Allahverdiyevə “Taleh Bağırzadə bizim prezidentimiz olacaq” – deyib. Lakin T.Allahverdiyev belə bir şey olmadığını bildirib.
Təqsirləndirilən Zülfüqar Mikayılov isə bunların onların işinə adiyyatı olmadığını deyib.
Digər şahid Xəyal Qasımov da Zülfüqar Mikayılov, Elman Ağayev,Taleh Bağırzadəni tanıdığını,onlardan dövlətə qarşı fikirlər eşitmədiyini deyib. Bildirib ki, onun bir müddət redaktoru olduğu “Azad xəbər” saytının ofisi sonradan “Müsəlman Birliyi” Hərəkatının da ofisi kimi fəaliyyət göstərib.
Vəkil Şəhla Hümbətova deyib ki, təqsirləndirilən şəxslərə ittiham verilib ki, guya onlar həmin hərəkatın üzvü olublar və birlikdə dövlət çevrilişi etməyə hazırlaşıblar. Vəkil şahiddən təqsirləndirilən şəxsləri həmin ofisdə görüb-görməməsini, onların belə niyyəti olub-olmamasını soruşub. Şahid deyib ki, təqsirləndirilən şəxsləri ofisdə görməyib və oraya gələnlərin də belə fikri olmayıb.
Proses iyulun 3-də davam edəcək.
Təqsirləndirilən şəxslər 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyatdan sonra saxlanılıblar. Onlar qanunsuz silah saxlama və digər maddələrlə ittiham olunurlar. Təqsirləndirilən şəxslər isə ittihamları saxta adlandırırlar.
“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə də Nardarandakı əməliyyat zamanı saxlanılıb. O, hakimiyyəti tənqid edən çıxışlarına görə həbs edildiyini deyir.
T.Bağırzadə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.