“O biri oğlunu da gətirib uşaqlarından türmədə komanda düzəldəcəyik”

“Kanal13” internet televiziyasının rəhbəri, həbs edilmiş Əziz Orucovun qardaşı Anar Orucov analarının Ağır Cinayətlər üzrə İstintaq İdarəsində dindirləndən sonra reanimasiyaya düşməsi ilə bağlı açıqlama yayıb.
Abzas.net xəbər verir ki, kanal rəhbəri bu barədə sosial şəbəkədə məlumat paylaşıb.
A.Orucov yazır ki, müxtəlif xəstəliklərdən əziyyət çəkən yaşlı bir qadını istintaqa aparıb saatlarla incitməyə və xəstəxanalıq etməyə ad tapmaq mümkün deyil.
“70 yaşlarında olan, insult xəstəsi, dizindən əməliyyat olunmuş və normal gəzə bilməyən, şəkər və qan təzyiqi problemlərindən əziyyət çəkən anam Almaz Həsənovanın prokurorluğa çağırılıb dindirilməsinə və psixoloji təzyiq göstərilməsinə, müstəntiq və prokurur tərəfindən hədə-qorxu gəlinməsinə nə mən, nə də bu hadisəyə münasibət bildirən çoxsaylı dostlarım, yoldaşlarım, həmkarlarım ad qoya bilirik…”
Jurnalist bildirib ki, onu əsas incidən məsələ müstəntiqlərin Konstitusiyanı kobud pozması və anasına “sənin o biri oğlunu da gətirib türmədə uşaqlarından komanda düzəldəcəyik” kimi ifadələrlə psixoloji təzyiq göstərmələri olub.
“Qoca anamın prokururluğa aparılması, orda səhhətinin kəskin pisləşməsi və xəstəxanaya aparılıb reanimasiyada yerləşdirilməsi yox, Orxan Babayev və Ramiq Babayev adlı dövlət qulluqçusunun anamın vəkil tələbinə yox demələri, bütün qanunların və Konstitusiyanın ziddinə olaraq ondan övladına qarşı ifadə almağa cəhd etmələri, psixoloji təzyiq göstərmələri mənə daha pis təsir etdi”.
A.Orucov “siz hansı haqla və əxlaqla 70 yaşlı bir Azərbaycan anasına belə davranmısınız?” deyə anasını dindirən prokurorluq əməkdaşlarına sual edir. O, deyir ki, həmin əməkdaşların cəzalandırılması üçün bütün hüquqi yollara baş vuracaq.
Jurnalist bildirib ki, vəkillərlə və digər ictimai-siyasi xadimlərlə bu məsələni müzakirə ediblər. Deyib ki, belə prokurorluq əməkdaşlarının dövlət orqanlarından atılması üçün Azərbaycanda və Avropada hüququn imkan verdiyi bütün vasitələrdən istifadə edəcək.
“Bu məsələ AŞPA-nın növbəti toplantısında qaldırılacaq və oktyabr sessiyasında baxılacaq” – deyə A.Orucov yazıb.