Pedro Aqramunt Avropa Xalq Partiyasından xaric edilib

Avropa Şurası Parlament Asambleyasının (AŞPA) sədri Pedro Agramunt Avropa Xalq Partiyası (AXP) fraksiyasının heyətindən xaric edilib.
TASS-ın məlumatına görə, qərar bu gün Strasburqda keçirilən AŞPA-nın sessiyası zamanı AXP deputatlarının iclasında qəbul edilib.
Bundan əvvəl, iyunun 27-də AŞPA prezidenti, vitse-prezidenti və komitə sədrlərinin vəzifələrindən çıxarıla bilməsi üçün qurumun daxili prosedurunda dəyişiklik edilib. Sessiyada sənəd səsə qoyulub və səs çoxluğu ilə həmin dəyişiklik qəbul olunub.
Xatırlatma
AŞPA rəhbəri Pedro Agramunt və onun keçmiş müavini Luca Volonte qurumda korrupsiya qalmaqalının mərkəzində durur. AŞPA-da korrupsiya iddialarının araşdırılması üzrə müstəqil qrup yaradılıb və hazırda araşdırmalar gedir.
Agramunt-un adı həm də Azərbaycan hakimiyyətinin dostları siyahısında hallanır. Tənqidçilər onu Bakı və Moskvanın maraqları üçün lobbiçilikdə ittiham edirlər. Onun keçmiş müavini Luca Volonte-nin Azərbaycan nümayəndələrindən pul almasına dair ittihamlar isə İtaliya məhkəməsində araşdırılır.