Səudiyyə futbolçuları London terror qurbanlarına “ehtiram göstərməyiblər”

“The Telegraph” yazır ki, Səudiyyə Ərəbistanı milli futbol yığmasının oyunçuları Avstraliyada azarkeşlər tərəfindən fitə və küyə basılıb.
Buna səbəb səudların Londonda baş vermiş terror aktı qurbanlarının xatirəsinə 1 dəqiqəlik sükuta riayət etməkdən boyun qaçırması olub.
Bu hadisə Avstraliyada yerli komanda ilə Səudiyyə yığması arasında Dünya Çempionatının seçmə oyununun başlanğıcında baş verib.
Avstraliya oyunçuları bir xətt boyunca sıralanaraq qollarını birləşdirdikləri halda, Səudiyyə futbolçuları meydançada pərakəndə dayanmışdılar.
Fox Sports telekanalının Avstraliyadakı aparıcısı Adam Peacock-un dediyinə görə, Səudiyyə Ərəbistanının futbol rəsmiləri Asiya Futbol Konfederasiyasının terror qurbanları üçün 1 dəqiqəlik sükut qərarına qarşı çıxıblar.
Bundan sonra hətta Avstraliya Futbol Federasiyası da səudları dilə tuta bilməyib.
Bir dəqiqəlik sükut zamanı Səudiyyə futbolçuları əllərini arxalarında çarpazlamışdılar, lakin hərəkətlərini davam etdirərək “qızışırdılar”.
Xəbərlərə görə, Səudiyyə komandasının əvəzedici heyətinin oturduğu skamyadakılar da ayağa qalxmayıblar.
Bu hadisə sosial mediada qəzəb partlayışına səbəb olub. Sosial media istifadəçilərindən biri yazıb ki, o, FİFA-nın Səudiyyə Ərəbistanını bu “iyrənc” hərəkətə görə cəzalandıracağına ümid edir.
Londonun London Bridge körpüsündə islamçı ekstremistlər tərəfindən törədilmiş terror basqınında 8 nəfər həlak olub.
Oyunun nəticəsi isə səudları artıq “cəzalandırb”. Onlar bu matçda 2-3 hesabı ilə məğlub olublar.
Hazırda Yaponiya, Səudiyyə və Avstraliya 5-ci qrupda hər birinə 16 xalla 1, 2 və 3-cü yerləri bölüşürlər.