Siyasi məhbus siyahısı yenilənib, son həbslər əlavə edilib

Arxiv
İyunun 6-da Siyasi Məhbusları Müdafiə Mərkəzinin növbəti toplantısını keçirib. Toplantıda siyasi məhbuslarla bağlı məsələlər müzakirə edilib.
Abzas.net xəbər verir ki, mərkəzin rəhbəri Oktay Gülalıyev açıqlama yayıb. Məlumata görə, tədbirdə siyasi məhbusların durumu, onlarla bağlı keçirilən məhkəmə proseslərində yol verilən qanun pozuntuları, ölkədə aparılan repressiyalar, son həbslər müzakirə mövzusu olub.
Həmçinin, son vaxtların gündəm məsələ olan Gürcüstandakı azərbaycanlı siyasi mühacirlərlə bağlı son durum və SMMM-in atacağı addımlar müzakirə olunub.
Mərkəz AXCP sədrinin müavini Gözəl Bayramlı, araşdırmaçı jurnalist Əfqan Muxtarlı və Kanal13 internet televiziyasının redaktoru Əziz Orucovun absurd ittihamlarla həbs olunmasını pisləyib.
Tədbirdə Gürcüstanda fəaliyyət göstərən “Lancet” klinikasının həmtəsisçisi Fərman Ceyranlının həbsindən narahatlıq ifadə olunub.
Son siyahıdan Mehman Qələndərov çıxarılıb, 4 nəfər əlavə edilib
SMMM iclasında siyasi məhbus siyahısının yenilənməsi istiqamətində müzakirələr aparılıb. Həbsxanada vəfat edən siyasi məhbus Mehman Qələndərov dünyasını dəyişdiyi üçün onun adı siyasi məhbus siyahısından çıxarılıb.
Siyasi məhbus siyahısına son həbs olunan siyasətçi, fəal və jurnalistlərin adı əlavə edilib – Gözəl Bayramlı (AXCP sədrinin müavini), Əfqan Muxtarlı (araşdırmaçı jurnalist), Əziz Orucov (Kanal13-ün redaktoru), Natiq Şahbazov (Nardaran işi üzrə).
Siyahının yenilənməsindən sonra SMMM-in hazırladığı siyahıda 165 nəfər siyasi məhbus yer alır.
TƏşkilat rəhbərinin açıqlamasına görə, həmçinin, toplantıda Bakı İstintaq Təcridxanasında müəmmalı şəkildə həyatına son qoyulan Mehman Qələndərovun 9 iyunda 40 məclisinin keçirilməsi qərara alınıb.