SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstanda səfərdə olub

İyunun 27-də SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstanda səfərdə olub.
Abzas.net Socara istinadən xəbər verir ki, R.Abdullayevlə Gürcüstanın Baş naziri cənab Georgi Kvirikaşvilinin rəsmi görüşü olmuşdur. Rəsmi görüşdə SOCAR-ın Sərmayələr İdarəsinin rəisi V.Əliyev və “SOCAR Energy Georgia”-nın Baş direktoru M.Məmmədov iştirak etmişlər. Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Həmin gün Qardabani rayonunda Azərbaycanlıların kompakt halda yaşadığı Qaratəhlə kənd orta məktəbinin idman zalının açılşı olmuşdur. Açılış mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov, Hökumət Adminstrsiyasının rəhbərləri, Kvemo-Kartli regionunun qubernatoru Qriqol Nemsadze, Gürcüstan parlamentinin deputatları və digər rəsmi şəxslər iştirak etmişlər. Bildirilmişdir ki, 300 şagirdin təhsil aldığı kənd məktəbinin zalı SOCAR-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə tikilib istifadəyə verilmişdir. İki mərtəbədən ibarət, 276 kvadratmetrlik idman kompleksi müasir infrastrukturla təmin olunmuş, mərkəzi istilik və havalandırma sistemi quraşdırılmışdır. Kompleks “MStudio” arxitektor-dizayn kompaniyası tərəfindən layihələndirilmiş, tikinti işləri isə “Constrakşen Devolepment Compani” tərəfindən həyata keçirilmişdir.

Daha sonra Gürcüstanın paytaxtı Tbilisi şəhərində Qrişaşvili 41 ünvanında görkəmli ictimai xadim, yazıçı Nəriman Nərimanovun ev muzeyinin təntənəli açılışı olmuşdur. Tədbirdə Gürcüstanın Mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Qiorqadze, SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov, səfirliyin nümayəndələri, Gürcüstan parlamentinin deputatları və digər rəsmi şəxslər iştirak etmişlər. Layihə SOCAR-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilmişdir.