Tiflisdə Heydər Əliyevin abidəsini qırmızı rəngə boyadılar [Fotolar]

İyunun 3-ü gecə saatlarında Gürcüstan paytaxtı Tbilisidə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin abidəsi qırmızı rənglə boyanıb. Bu barədə “jam-news.net” saytı məlumat yayıb.
Məlumata görə, aktı həyata keçirənlərin kimliyi məlum deyil. Ehtimal edilir ki, abidəyə qırmızı boyanın atılması jurnalist Əfqan Muxtarlının həbsinə etiraz əlaməti olaraq təşkil edilib.
Bir neçə gündür Gürcüstan jurnalistləri və fəalları azərbaycanlı jurnalist Əfqan Muxtarlıya dəstək aksiyaları keçirirlər.
Ə.Muxtarlı mayın 29-da axşam Tiflisin mərkəzindən yoxa çıxıb, amma onun üzərində xarici pasportu olmayıb. Bir neçə saat sonra Muxtarlı Bakıda, istintaq təcridxanasında saxlanıldığı məlum olub.
Jurnalist Əfqan Muxtarlı 2014-cü ildə Gürcüstana gedib və o, fəaliyyəti dövründə Azərbaycan hakimiyyətindən təzyiqlərə məruz qalıb.
Jurnalist bildirib ki, onu mayın 29-da Tiflisdə Gürcüstanın kriminal polisi tərəfindən saxlanıb, döyülüb, sonra da sərhəddə Azərbaycan hökumətinə təhvil verilib.
Azərbaycan tərəfi Muxtarlının qanunsuz şəkildə üzərində on min avroyla sərhədi keçərkən saxlanıldığını deyir və Gürcüstan hüquq-mühafizə orqnaları bu deyilənləri təkrarlayır.
Jurnalist Cinayət Məcəlləsinin 318.1 və 206.1 maddəsi ilə ittiham edilir. Sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham olunur.
Mayın 31-də isə ona qarşı yeni ittiham irəli sürülüb. Jurnalist Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə də təqsirləndirilir.
Səbail Rayon Məhkəməsi mayın 31-də Əfqan Muxtarlı haqda 3 aylıq həbs-qətimkan tədbiri seçib.
Əfqan Muxtarlı və üzvü olduğu Nida Vətəndaş Hərəkatı onun jurnalist fəaliyyətinə və siyasi məhbusların hüquqlarının müdafiəsi ilə məşğul olduğuna görə həbs edildiyini bildirir.
Amnesty Internatinal beynəlxalq insan haqları təşkilatı onu vicdan məhbusu elan edib.