Trump-ın qolf klublarında saxta “Time” jurnalları tapılıb

ABŞ prezidenti Donald Trump-ın qolf klublarında üz qabığında onun şəkilləri olan saxta “Time” jurnalları tapılıb.
Abzas.net “Washington Post” qəzetinə istinadən xəbər verir ki, Trump-ın ən azı 5 qolf klubunda, üz qabığında milyarderin şəkli olan nüfüzlü “Time” jurnalının saxta plakatları divardan asılıb.
Üz qabığında qeyd olunub ki, bu jurnal 1 mart 2009-cu il buraxılışıdır. Əslində isə “Time” jurnalının bu tarixdə buraxılışı yoxdur. Bundan əlavə 2009-cu ildə Trump-ın şəkli ümumiyyətlə jurnalın heç bir buraxılışının üz qabığında olmayıb.
Başqa fərqlər də var: qabıqdakı başlıqlarda sual işarələri var, halbuki “Time” adətən belə başlıqlar qoymur, eyni zamanda üz qabığının dizaynı da fərqlənir.
“Time” jurnalı Trump-la olan üz qabıqlarının saxta olduğunu təsdiq edib və o plakatları qolf klublarının divarlarından yığışdırmağı tələb edib.
Əsl buraxılış 2 mart tarixində çıxıb və onun uz qabığında aktrisa Kate Winslet-in şəkli olub. Həmin buraxılışda Trump haqda ümumiyyətlə heç nə olmayıb.
Ağ evin nümayəndəsi Sara Hakabi Sanders qolf klublarla bağlı məsələyə münasibət bildirməyəcəyini deyib.