Vəkil: ”Nicat Əmiraslanov işgəncəyə məruz qalıb, bütün dişləri tökülüb”

Jurnalist Nicat Əmiraslanov işgəncələrə məruz qalıb. Onun bütün dişləri tökülüb.
Bu barədə onun vəkili Eçin Sadıqov və araşdırmaçı jurnalist Xədicə İsmayılova məlumat verib.
İyunun 3-də Gəncə Apelyasiya Məhkəməsində Nicat Əmiraslanovun 30 sutkalıq həbs cəzasından verilən apelyasiya şikayətinə baxılıb. Vəkilin sözlərinə görə, proses başlamazdan öncə hakimin katibi jurnalistə zorla ərizə yazdırıb:
“Məhkəmə başlamazdan əvvəl biz zala daxil olduq. Gördük ki, hakimin köməkçisi Nicat Əmiraslanova diktə edir ki, o apelyasiya şikayətindən imtina etsin. Məhkəmə saat 11-də başlamalı olduğu halda hakim gözləyirdi ki, Nicat imtina ərizə yazsın, ondan sonra zala daxil olsun. Biz hamımız Nicat Əmiraslanov saxlanmazdan əvvəl onu görmüşük. Onun ağzında bütün dişləri yerində idi. İndi onun ağzında heç bir dişi yerində deyil”.
Xədicə İsmayılova bu haqda N.Əmiraslanovdan soruşduğunu deyir:
“Mənə dedi ki, hamısı qopub düşüb. Suallara sadəcə gözləri ilə cavab verməyə çalışırdı. Əlləri qıc olmuşdu. Hakimin köməkçisinin dediklərini məcburən yazdığı hiss olunurdu. Diqtə olunurdu ki, vəkilin ondan icazəsiz apelyasiya şikayəti verdiyini yazsın və özünü təqsirli bilməsini ərizədə qeyd eləsin. Bizim israrlı suallarımızdan sonra hakimin köməkçisi ondan “məgər biz səni məcbur edirik” deyə soruşdu. O da “yox” cavabını verdi və başını aşağı saldı. İndi Nicatın ağzında dişləri yoxdu və sağ əli qıc olub”.
Vəkil Elçin Sadıqov deyir ki, onunla təklikdə görüşməyə də icazə verilməyib:
“Hiss olunurdu ki, onu qorxudublar ki , ərizədən imtina etsin. Mənə onunla təklikdə görüşməyə də polis icazə vermədi. Bu isə ona işgəncə verildiyini bir daha sübut edirdi. Bu məsələ araşdırılmalıdır “
Jurnalist Nicat Əmiraslanov mayın 23-də saxlanıb. Qazax Rayon Məhkəməsində hakim Qurban Abbasovun sədrliyilə ona hökm oxunub. Jurnalist İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi, polisin qanuni əmrinə tabe olmamaq ittihamıyla təqsirləndirilərək 30 sutka azadlıqdan məhrum edilib. Ancaq dostları onun facebook-dakı statuslarına görə, şərlənərək tutulduğunu düşünürlər.