“Başa düşürəm ki, hökumət hər hansısa siyasi təşkilatlara, QHT-lərə ayrılan qrantları qəbul edəndə ehtiyyat edir, ancaq burda təhsilin inkişafından söhbət gedir və heç bir təhlükəsi yoxdur”
Bu sözləri Abzas.net-ə açıqlamasında Xəzər Universitetinin dosenti, Azərbaycan dili və Ədəbiyyat departamentinin müdiri Vurğun Əyyub deyib.
Xəzər Universitetinə ayrılan qrantın Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmamasına münasibət bildirən ekspert deyir ki, bu təhsilin inkişafı üçündür.
“Mən anlamıram, qarşılığında heç bir şey istənilməyən, öhdəlik verilməyən, ancaq təhsilin inkişafı üçün ayrılmış qrantı niyə qeydiyyata almasınlar ki?! Ümumiyyətlə, universitetlər gəlirlərinin bir hissəsini layihələrdən qazanırlar. Elə Xəzər Universitetinin özü də bir neçə dəfə Təhsil Nazirliyindən qrant qazanıb. İndi bu qrant niyə qəbul edilməsin, heç cür anlamıram” – deyə Vurğun Əyyub bildirib.
Vurğun Əyyub bir neçə gün əvvəl məlumat yayaraq Xəzər Universitetinə qazandığı qrantın Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmamasını qınayıb.
