“Aİ-nin “Brexit”ə görə tələb etdiyi ödəniş soyğunçuluqdur” – Boris Conson

Böyük Britaniyanın xarici işlər naziri Boris Conson ölkənin Avropa İttifaqından (Aİ) çıxış proseduruna görə Brüsselin Londona təqdim edə biləcəyi hesabları “soyğunçuluq” adlandırıb.

RİA “Novosti”-nin məlumatına görə, bu barədə B.Conson parlamentdə sualları cavablandırarkən bildirib.

O, bu məsələyə toxunan zaman dəqiq məbləği söyləməsə də, vəziyyəti təsvir edib: “Hesab edirəm ki, gördüyüm məbləğ mənə soyğunçuluq kimi görünür”. Mətbuat isə söhbətin on milyardlarla avrodan getdiyini yazıb.

Qeyd edək ki, Aİ-dən çıxmaqla bağlı qərarı britaniyalılar 2016-cı il iyunun 23-də keçirilən referendumda qəbul edib. Bu il martın 29-da Böyük Britaniya Aİ-dən çıxış prosedurunu rəsmən başladıb və bu barədə Avropa Şurasının rəhbəri Donald Tuska müvafiq bildirişin olduğu məktub göndərib. Aİ-dən çıxışla bağlı Lissabon sazişinin 50-ci maddəsinə əsasən, Böyük Britaniya Aİ-ni “Brexit”in başlamasından iki il sonra – 2019-cu il martın 29-da tərk edəcək.