ATƏT-in qeyri-formal nazirlər görüşündə əsas mövzu regionda münaqişələr olacaq

İyulun 11-də Avstriyanın Mauerbax kommunasında keçiriləcək ATƏT-in qeyri-formal nazirlər görüşündə əsas mövzu təşkilat ərazisində münaqişələr və təhlükəsizliyə təhdidlər olacaq.

“Report” xəbər verir ki, “Dialoq və əməkdaşlıq vasitəsilə etimad yaradılması” şüarı altında keçiriləcək görüşdə həmçinin miqrasiya, terrorizmə qarşı mübarizə, insan hüquqları, qanunun aliliyi və demokratiya məsələləri üzrə müzakirələr aparılacaq.

İclasa ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın Avropa, inteqrasiya və xarici işlər üzrə federal naziri Sebastyan Kurts sədrlik edəcək. İclasda ATƏT-ə üzv 57 ölkənin nazirləri, ATƏT PA-nın prezidenti və baş katibi iştirak edəcək.

Plenar iclasdan sonra müzakirələr iki interaktiv dəyirmi masa çərçivəsində davam edəcək. “Terrorizmə səbəb olan zorakı ekstremizm və radikallaşmaya qarşı mübarizə” mövzusunda olacaq dəyirmi masalardan biri ATƏT-in fəaliyyətdə olan sədrinin radikallaşması və zorakı ekstremizm üzrə xüsusi nümayəndəsi professor Piter Neymann tərəfindən təqdim olunacaq. İkinci dəyirmi masa “ATƏT regionunda cari və gələcək çağırışlara və təhlükəsizlik riskləri üzrə strukturlaşdırılmış dialoq”a həsr olunacaq.

Qeyd edək ki, Mauerbaxda keçiriləcək ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin qeyri-formal görüşü dekabrın 7-8-də Vyanada baş tutacaq ATƏT Xarici İşlər Nazirləri Şurasının illik iclasına hazırlıqda mühüm addım olacaq.

Xatırladaq ki, Mauerbaxdakı görüş çərçivəsində həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakıyla Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü də planlaşdırılır.