Avropalı deputat Əfqan Muxtarlının həyat yoldaşı ilə görüşüb

Avronest Parlament Assambleyasının rəhbəri, Avroparlamentinin deputatı Rebekka Harms Gürcüstanda jurnalist Əfqan Muxtarlının işinin müstəqil araşdırılmasının tərəfdarı olduğunu deyib.

Bu gün keçirdiyi mətbuat konfransında avropalı deputat Gürcüstan hakimiyyətini Əfqan Muxtarlıya zərərçəkmiş statusu verməyə çağırıb.

Harms bildirib ki, Tbilisə səfəri zamanı Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva və vəkil Arçil Çopikaşvili ilə görüşüb.

“Hesab edirəm ki, Gürcüstan hakimiyyəti müstəqil araşdırma aparmalıdır. Biz bu məsələni Avropa Parlamentində müzakirə edib və bu barədə hüquq müdafiəçilərinə məlumat vermişik. Düşünürəm ki, Əfqan Muxtarlı və onun həyat yoldaşı zərərçəkmiş statusu almalıdır. Əfqan Muxtarlının azad edilməsi üçün çalışmalıyıq”, – deyə Harms bildirib.

Onun sözlərinə görə, həbsxanada Əfqan Muxtarlının vəziyyəti Ankaranın ittihamı ilə Tbilisidə saxlanılan türk pedaqoq Mustafa Emre Çabukun vəziyyətindən xeyli ağırdır.

Rebekka Harms Əfqan Muxtarlının işi ilə bağlı Azərbaycan hökumətinə müraciət edəcəyini vəd edib.

Xatırlatma

Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Onun sözlərinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Ə.Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək və ya zor tətbiq etməkdə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumların bildirdiyinə görə, o, sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.

Məhkəmənin qərarı ilə Əfqan Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.