AXCP üzvü Fuad Əhmədli hökmdən apellyasiya şikayəti verib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

F. Əhmədlinin vəkili Əsabəli Mustafayevin APA-ya verdiyi məlumata görə, apellyasiya şikayəti üzrə məhkəmə iclası yaxın günlərdə başlayacaq.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F. Əhmədli 4 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayətində onun barəsində bəraət hökmünün çıxarılması istənilib.

Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə yaydığı məlumata görə, Fuad Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb.

Bildirilib ki, Fuad Əhmədlinin mənzilində axtarış zamanı din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb. Fuad Əhmədli Cinayət Məcəlləsinin 302-ci (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilib.

Fuad Əhmədli bildirib ki, haqqında verilən ittihamlar saxtadı və siyasi fəaliyyətinə görə sifarişlə həbs olunub.