Azərbaycan OPEC qarşısındakı öhdəliyini iyunda da yerinə yetirib

Azərbaycan cari ilin iyun ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Abzas.net Azərbaycan Energetika Nazirliyinə istinadən xəbər verir. Məlumata əsasən, cari ilin iyun ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 793,7 min barel olub. Bunun 738,7 min barelini xam neft, 55 min barelini kondensat təşkil edib.
Gündəlik 624,1 min barel xam neft, 55 min barel kondensat, 21,4 min barel isə neft məhsulları ixrac edilib. İlin birinci yarısı üçün bağlanmış neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib.
Ölkə üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barel, fevral ayında 776,4 min barel, mart ayında 733,3 min barel, aprel ayında 781,1 min barel, may ayında isə 785,3 min barel olub.
Ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb.
25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində kartelin üzv və qeyri-üzv dövlətləri arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılıq əldə olunub.