Azərbaycan UEFA reytinqində 2 pillə irəliləyib

Avrokubokların II təsnifat mərhələsinin ilk oyun günündən sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.

Abzas.net xəbər verir ki, Çempionlar Liqasındakı matçlardan sonra Azərbaycanın xalı Bolqarıstan və Belarusun xalı ilə eyniləşib.

“Qarabağ”ın Gürcüstan “Samtredia”sı ilə ilk görüşdəki 5:0 hesablı qələbəsi Azərbaycanın irəliləməsi ilə nəticələnib. Qələbə sayəsində xal hesabımız zənginləşib. Əldə olunan 0,250 xal sayəsində mövsümlük qazancımız 1,250-yə çatıb.

Son 5 ilin nəticələrinə əsasən hesablanan əmsalımız isə 16,000-a qədər yüksəlib. Bu da iki ölkə – Bolqarıstan və Belarusa çatmaq imkanı verib. Hər üç ölkənin xalı eyni olduğundan əlavə göstəricilər nəzərə alınıb. Hər iki ölkəni qabaqlayan Azərbaycan 21-ci yerədək irəliləyib.

“Qarabağ”ın oyununadək 15,750 xalla 23-cü olan ölkəmiz iki addım irəliləyib. 20-ci olan İsraildən 1,125 xal geri qalırıq.

Azərbaycan kimi Avstriya da irəliləyib. Bu ölkə Yunanıstanı keçərək 14-cü olub. Serbiya isə Lixtenşteyni arxada qoymaqla 29-cu yerə yüksəlib.

Siyahıya İspaniya başçılıq edir – 88,998 xal.