Bəzi çimərliklərdə bakterioloji çirklənmə aşkar edilib

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkə ərazisindəki çimərliklərdə dəniz sularının çirklənməsi ilə bağlı növbəti monitorinq keçirib.

Bu barədə “Trend”-ə mərkəzin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib.

Bildirib ki, monitorinq nəticəsində ölkə ərazisində iki çimərlikdə dəniz suyunda bakterioloji çirklənmə aşkar edilib:

“Bakının Şıx və Qaradağ rayonunun Sahil çimərliyində bakterioloji çirklənmə aşkar edilib. Mərkəzin qərarı ilə həmin çimərliklərdə dəniz suyundan istifadə qadağan edilib. Digər çimərliklərdə isə vəziyyət normaldır”.

Z.Kazımov deyib ki, Sahil və Şıx çimərlikləri hazırda fəaliyyət göstərir:

“Çimərliklər fəaliyyət göstərir. Vətəndaşlar həmin çimərliklərdə istirahət edə bilərlər, amma dəniz suyundan istifadə etməməklə”.