BDU-da rüşvət olduğunu deyən tələbə axtarışa verilib

İyulun 10-da Yasamal Rayon Məhkəməsində Bakı Dövlət Universitetinin dekan müavini Nigar İsmayılzadə və universitetin 4-cü kurs tələbəsi Zəka Mirağayev arasında davam edən məhkəmənin növbəti prosesi keçirilib.

Abzas.net xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Z.Mirağayev barəsində axtarış elan olunub.

Nigar İsmayılzadənin vəkili Kamandar Nəsibov tələbə haqqında həbs-qətimkan tədbirinin seçilməsini təklif edib:

“Həbs-qətimkan tədbiri seçilməsə, mümkün deyil. O adam bu məhkəmə prosesində bizi avara eləmişdi. Müxtəlif bəhanələrlə prosesi uzadır”.

Dekan müavini də vəkili ilə həmrəy olduğunu deyib.

Bakı Dövlət Universitetinin “İlahiyyat” fakültəsinin dekan müavini Nigar İsmayılzadə. 29 iyun 2017

Tələbənin vəkili Elçin Sadıqov isə etiraz edib. Bildirib ki, məhkəməyə gəlməyən şəxs haqqında öncə məcburi gətirilmə qərarı çıxarılmalı, sonra başqa tədbirlərə əl atılmalıdır.

Müşavirədən sonra hakim Zəka Mirağayev haqqında axtarışa verilməsi ilə bağlı qərar elan edib. Qərarın icrası Yasamal Rayon Polis İdarəsinə həvalə olunub. Məhkəmə müvəqqəti olaraq cinayət işinin icraatını dayandırıb.

Xatırlatma

BDU-nun “İlahiyyat” fakültəsinin dördüncü kurs tələbəsi olan Zəka Mirağayev mətbuata açıqlamalarında fakültədəki neqativ hallardan, korrupsiyadan şikayətlənib. Bildirib ki, Nigar İsmayılzadə dekan müavini təyin olunandan sonra rüşvət halları artıb.

Dekan müavini də buna görə onu məhkəməyə verərək, CM-nin 147 (böhtan) və 148 (təhqir) maddələri ilə cəzalandırılaraq, həbs olunmasını tələb edir.

BDU-nun İlahiyyat Fakültəsinin dekan müavini Nigar İsmayılzadə Azərbaycanın Yaponiyadakı səfirinin bacısıdır.

Zəka Mirağayev ötən məhkəmə iclasından sonra bildirib ki, məhkəmənin BDU rəhbərliyinin təzyiqi altında ədalətsiz qərar çıxaracağına və doğruları dilə gətirdiyinə görə həbs olunacağına əmindir. Bu səbəbdən də ölkəni tərk edib.