Cavad Cavadov: “Əziz Orucov havasızlıqdan huşunu itirib”

Anar Orucov (sağda) və Əziz orucov

“Kanal 13” internet kanalının direktoru Əziz Orucov saxlanıldığı kamerada huşunu itirib və yıxılıb. 

Bu barədə o, iyulun 25-də vəkili Cavad Cavadovla görüşündə məlumat verib. Vəkilin yaydığı məlumata görə, görüş Əziz Orucovun saxlanıldığı Bakı İstintaq Təcridxanasında baş tutub.

Ə.Orucov ona iyulun 23-də, saat 19 radələrində kəskin havasızlığa görə huşunu itirdiyini deyib. Ayıldıqda isə bilib ki, kamera yoldaşı məsul şəxsləri çağırıb. Sonradan həkim də gəlib:

“Müdafiə tərəfi bu qanunsuzluqlarla bağlı məhkəməyə müraciət etmək niyyətindədir”

“Ona hansısa adını bilmədiyi dərmanlar verilib və sonradan vəziyyəti nisbətən düzəlib. O, dəfələrlə müraciət edərək kamerasına özhesabına sərinkeş keçirilməsini istəsə də, buna imkan yaradılmırdı. Bu səbəbdən sonuncu dəfə evlə danışıq zamanı bu əhvalatı danışarkən qeyri-insani rəftardan şikayət edib və danışığı yarımçıq kəsilib. Bu gün ona qohumları tərəfindən sovqatla birlikdə sərinkeş göndərilib, lakin günün sonuna qədər çatdırılmayıb”.

C.Cavadov deyir ki, Ə.Orucovun dəfələrlə təcridxana rəhbərliyinə yazılı və şifahi müracətlərinə baxmayaraq, qanunla nəzərdə tutulmuş yaxınları ilə görüşə verilmir və tutarlı cavab verilmir:

“Müdafiə tərəfi bu qanunsuzluqlarla bağlı müvafiq qurumlara və məhkəməyə müraciət etmək niyyətindədir”.

Mayın 2-də Əziz Orucov 30 sutka həbs cəzası almışdı. O, iyunun 1-də azadlığa çıxmalı idi. Həmin gün Əziz Orucov ilə birlikdə onun həyat yoldaşı, televiziyanın redaktoru Lamiyə Çarpanova da saxlanıb. Ancaq bir saat sonra Lamiyə xanım sərbəst buraxılıb. Əziz Orucov isə Nəsimi rayon Məhkəməsinə aparılıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ittiham olunurdu.

“Kanal 13” internet televiziyası 2010-cu ildən fəaliyyət göstərir. Kanalın təsisçisi Anar Orucov Almaniyada yaşayır.