Donald Trump-ın impiçmentinə ilk çağırış edildi

“The Telegraph” yazır ki, prezident Donald Trump-ın impiçment edilməsinə dair ilk konqresmen təşəbbüsü qaldırılıb.

Kaliforniyadan olan demokrat millət vəkili Brad Sherman prezidenti Rusiyanın 2016-cı il seçkisinə müdaxiləsinə dair təhqiqata mane olmaqda ittiham edir.

Millət vəkili parlament təşəbbüsündə bildirir ki, Trump-ın FTB rəhbəri James Comey-i vəzifəsindən azad etməsi ədalətə maneə kimi dəyərləndirilməlidir.

Məqalədə deyilir ki, bu təşəbbüsdən dərhal nəsə hasil olacağını gözləmək düzgün olmazdı.

Hazırda Konqresdə çoxluğa malik olan respublikaçılar öz partiyalarından olan prezidentə qarşı çıxmaq üçün həvəs göstərmirlər, digər tərəfdən isə Sherman-ın təşəbbüsü hələlik heç öz demokrat partiyadaşları tərəfindən də qəbul olunmur.

Lakin Brad Sherman ümidini itirmir. 62 yaşlı millət vəkili deyib ki, onun təşəbbüsü “uzun yolun yalnız başlanğıcıdır”.

“Fəqət prezidentin çılğın səriştəsizliyi belə davam edərsə, qarşıdan gələn aylarda çox-çox respublikaçılar da mənim təşəbbüsümə qoşulacaqlar” – deyib millət vəkili.

Məqalədə deyilir ki, Konqresdəki demokrat liderlər hələlik impiçment söhbətlərindən aralı dayanırlar. Onlar düşünürlər ki, impiçment söhbətinin qabardılması yalnız Trump tərəfdarlarını səfərbər edəcək.

Hələliksə Sherman-ın təşəbbüsünü yalnız bir millət vəkili – Texasdan olan demokratAl Green bölüşdürür.

Hazırda əksər millət vəkilləri bu qənaətdədirlər ki, prezident yalnız xəyanət və korrupsiya kimi ittihamlarla impiçment edilə bilər. Bu ittihamlar isə Trump-a qarşı irəli sürülməyib.

Ədalətin qarşısının alınması impiçment üçün əsas olmaya da bilər.