“Erdoğanın ittihamları bölgədə gərginlik yarada bilər” – Guardian

Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın İsrailə yönəlik ittihamları bölgədə gərginliyi artıra bilər, Guardian qəzeti bildirib.

Qəzet bunu, prezident Erdoğan-ın ötən gün Ankarada söylədiyi nitqdə “İsrail rəhbərliyi hər gün yeni bir hərəkətlə Qüdsün İslami xarakterini viran qoymaq istəyir” cümləsini dedikdən sonra yazıb.

Guardian-ın Qüds/Yerusəlim müxbiri Peter Beaumont yazır ki, prezident Erdoğan bu çıxışı ilə böhrana daxil oldu.

“Müsəlmanların mövcud gücsüzlüyündən, parçalanmasından cəsarət alan İsrail rəhbərliyi hər gün yeni bir hərəkətlə Qüdsün İslami xarakterini viran qoymaq istəyir. Artıq heç kim bizdən bu bezdirici dərəcədə olan riyakarlıqlara daha çox səssiz qalmağı gözləyə bilməz”, cənab Erdoğan söyləyib.

İsrail, 14 iyulda iki polisin müsəlmanlar üçün ən müqəddəs məkanlardan sayılan əl-Əqsa məscidi ətrafında öldürülməsindən sonra kompleksinin girişinə yoxlama detektorları yerləşdirib. Bu qərar fələstinlilərin böyük narazılığına səbəb olmuşdu.

Nəticədə, əl-Əqsa məscidinin girişində keçiriləcək hər cür yoxlanışa qarşı olduqlarını söyləyərək aksiya çağırışı edən fələstinlilər ilə İsrail təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Cümə günü toqquşmalarda 3 fələstinli ölüb.

İsrail bu narazılıqlardan sorna “detektorları” ərazidən yığışdırıb və bölgəyə təhlükəsizlik kameraları qoyacağını açıqlayıb. Fələstinlilər isə hər hansı bir təhlükəsizlik tədbirini “qəbuledilməz” sayır.

İsrail: Erdoğanın ittihamları gülüncdür”

Bütün bu proseslərin xatırladıldığı Guardian xəbərində o da yazılır ki, İsrail rəsmiləri Erdoğanın ittihamlarını “gülünc” adlandırıb və Türkiyədə insan haqları pozuntularına diqqət çəkiblər.

İsrailin XİN sözçüsü Emmanuel Nahshon bildirib ki, “Osmanlı İmperiyası günləri çoxdan bitib… Şimali Kipri işğal edən, kürd azlığını zalımcasına təzyiq altında saxlayan, jurnalistləri həbsə atan Türk hökumətinin bölgədəki yeganə həqiqi demokratiya olan İsrailə dərs verməsi absurddur.”

Türkiyənin XİN sözçüsü Hüseyin Müftüoğlu ilə ona cavab olaraq “İsrailli sözçünün hədsiz açıqlamasını qınayırıq” deyib.