Fransa və Rusiya prezidentləri Hamburqda görüşüb

Hamburqda keçirilən G-20 Sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Macron arasında görüş baş tutub.

Abzas.net xəbər verir ki, görüşdə əsasən iki ölkə arasındakı iqtisadiyyat, maliyyə, enerji və ticarət sahələrində əməkdaşlığın inkişafı, həmçinin iqlim dəyişikliyi ilə bağlı müzakirələr olub.

Putin bildirib ki, Fransa və Rusiya arasında iqtisadi əməkdaşlığın artan templə davam edəcəyinə çox ümid edir.

Rusiya prezidenti əlavə edib ki, ölkəsi iqlim dəyişikliyi ilə bağlı Paris razılaşmasına sadiqdir.

“Sizin təklifinizə əməl edərək, Cəmiyyət Forumunun yaradılması yönündə işlərə start vermişik”, – deyə Putin bildirib.

Öz növbəsində Macron görüşə gecikdiyi üçün üzr istəyib və buna səbəb kimi digər həmkarları ilə iqlim mövzusu ətrafında müzakirələrin uzandığını göstərib.

“Ümid edirəm bundan sonra iqlim düzələr” – Putin cavabında zarafat edib.

Fransa prezidenti də iqlim dəyişikliyi ilə bağlı hər kəsin öz üzərinə götürdüyü öhdəliklərə sadiq qalmasına şad olduğunu bildirib.

“Əgər biz belə vacib öhdəlikləri öz üzərimizə götürməkdən boyun qaçırsaq, öz-özünə heç nə düzəlməyəcək” – deyə Macron qeyd edib.