Gürcüstana səfər edən turistlər arasında azərbaycanlılar liderliyini qorumaqdadır

2017-ci ilin ilk 6 ayı ərzində Gürcüstana səfər edənlər arasında Azərbaycan vətəndaşları birinci yeri tutub.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə qonşu ölkənin Milli Turizm Administrasiyasının yaydığı məlumata deyilir.

Hesabat dövründə qonşu Gürcüstana 737 549 Azərbaycan vətəndaşı səfər edib ki, bu da ötən ilin analoji göstəricisindən 7,4% çoxdur.

Məlumata əsasən, Azərbaycanla yanaşı Gürcüstana ən çox Ermənistan, Türkiyə, Rusiya və İran vətəndaşları səfər edir.

Administrasiyanın təqdim etdiyi rəqəmlərdən məlum olur ki, ümumilikdə 2017-ci ilin yanvar-iyun ayları ərzində Gürcüstana 1 milyon 309 min 982 turist səfər edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 29,1% artımdan xəbər verir.

Qeyd edilən dövr ərzində Gürcüstana 2 milyon 996 min 170 nəfər əcnəbi ziyarətçi səfər edib ki, bu da 2016-cı ilin analoji göstəricisindən 13,4% çoxdur.

2017-ci ilin təkcə iyun ayında isə Gürcüstana 666 min 493 nəfər turist səfər edib. Başqa sözlə, ötən ay qonşu ölkəyə 2016-cı ilin müvafiq ayı ilə müqayisədə 28,5% çox turist baş çəkib.