Hakimiyyət 125 milyard dolları necə havaya sovurub?

Qubad İbadoğlu

Yoxsulluq gəlmədən öncə zənginliyin qədrini bilin. 

Böhran başlayandan “dolana bilmirəm”, “borc xirtdəyə çıxıb”, “qazancım xərclərimi ödəmir” kimi ifadələri çox eşidirəm. Bunun başlıca səbəblərindən biri də israfçılıq və bədxərclikdir. Atalar yaxşı deyib ki, qənaətlə dolanan heç vaxt kasıb olmaz. Eyni zamanda onu da bilməliyik ki, qənaət digərlərinin ehtiyaclarının ödənilməsi üçün alternativ mənbədir. Odur ki, bu yazımda dövlət və fərd olaraq Azərbaycanda getdikcə aktuallaşan məsələlərə münasibətimi təqdim edirəm.

Dövlət olaraq son 15 ildə yalnız neft-qaz satışından əldə etdiyimiz gəlirlər 160 milyard dollardan çoxdur, onun 130 milyardı Dövlət Neft Fondunda toplanıb, 95 milyarda qədəri artıq xərclənib. Yerdə qalan 30 milyard dollardan çox vəsait isə Dövlət Neft Fondu və Beynəlxal Əməliyyat Şirkəti tərəfindən dövlət büdcəsinə ödənilib. Bu günə qədər əldə edilən 160 milyard dollardan çox neft-qaz gəlirlərindən indiyə saxlanılan 36 milyard dollardır. Yerdə qalan 125 milyard dolların xeyli hissəsi isə son 10 ildə əsasən qeyri-kommersiya xarakterli, mənfəətsiz nəqliyyat və sosial-mədəni idman təyinatlı infrastukturun formalaşmasına xərclənib, onun böyük hissəsi də şişirdilmiş layihələr hesabına israf olunub.

Yalnız fərdlər deyil, dövlətlər də bədxərc olanda zəngin ölkələr də yoxsullaşır. Azərbaycan hazırda onun ağrısını çəkir. Əgər biz dövlət idarəetmə orqanları və dövlət şirkətlərinin baş ofislərinin və idarələrinin yeni binalarının tikintisinə, təmirinə çəkilən xərcləri hesablasaq, sənədlərdə təsbit olunan vəsait milyardlarla dollarla ifadə oluna bilər.

Qubad İbadoğlu

Məsələn, Qəbələdə icra hakimiyyətinin binası Bakıdakı prezident aparatından geri qalmır, yaxud 22 mərtəbəli ofis binası olan dövlət neft fondunda hər mərtəbəyə 3 nəfər ştatlı işçi düşür. Belə misallar yüzlərlədir. Hər rayon mərkəzində müasir görüşünüşlü, inteyeri modern dizaynlı, kabinetləri isə bahalı mebellerlə bəzənən və son nəsil texniki avadanlıqlarla təhciz olunmuş ən azı 15 yeni inzibati binaya rast gəlmək mükündür. Onların hər birinin tikintisi və komplektləşdirilməsinə orta hesabla 10 milyon manat, o vaxtı məzənnə ilə 12 milyon dollar xərclənəndə onda yalnız bu məsədlər üçün 2 milyard dollara qədər vəsait xərcləndiyi məlum olur.

Bundan əlavə regionlarda 40-dan çox olimpiya və idman kompleksi tikilib, onların da hər birinin tikintisinə və komplektləşdirilməsinə orta hesabla 8 milyon manat və ya 10 milyon dollar xərclənəndə ən azı 400 milyon dollar da belə xərclənib. Belə bədxərclik nümunəsi olan inzibati obyektlərə təkcə regionlarda deyil, paytaxt Bakıda da çox rastlaşmaq mümkündür. Bu obyektlər hər biri həm də potensial olaraq illərdir ki, istismar və təmir xərcləri ilə də büdcəni “yeyir”. Belə mənasız xərcləmələrdən sonra ildən ilə artan xərcləri büdcə hesabına qarşılamaq üçün əvvəlki illərdən daha çox qazanmaq və rasional olmaq lazımdır.

Fərdlərə gəlincə, onların bir qisminin iqtisadi davranışı daha çox təəccüb doğurur. Məsələn, maşın bazarında bütün dünyaya eyni vaxtda təqdim olan yeni model avtomobillərin ən tez istifadə olunduğu ölkələrdən biri də Azərbaycandır. Yaxud, brend markalı mağazaların üstünlük təşkil etdiyi paytaxt şəhərlərdən biri də Bakıdır.

Bu yaxınlarda mətbuata ötürülən informasiyaya görə, Bakı metrosunun keçmiş rəisi Tağı Əhmədovun mülklərinin siyahısında onun subsidiya ilə yaşayan (paralel olaraq belə şirkətləri sosial yardım alan aztəminatlı ailəyə bənzətmək olar) yeraltı şirkətdən oğurladığı vəsaitləri hesabına 8-dən çox elit mənzilinin, 6-7 bağ evinin adı sadalanırdı. Belə hal Azərbaycanda bütün yüksək siyasi vəzifəli şəxslərin demək olar ki, hamısına xarakterikdir.

Belə olan halda da məlum olur ki, dövlət büdcəsindən və şirkətlərindən oğurlanan vəsaitlərin çox hissəsi Azərbaycanda və ya xaricdə əmlak bazarına yatırılıb, bu isə iqtisadiyyatda yeni və əlavə dəyər yaratmayan sahədir. Odur ki, Azərbaycanda bədxərclik yalnız dövlət deyil, həm də fərd səviyyəsindədir.

Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.