Hesablama Palatası Bakı Dövlət Universitetində yeyinti aşkarlayıb

Abel Məhərrəmov

Hesablama Palatasının Kollegiyası Bakı Dövlət Universiteti üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və istifadəsi ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı təsdiq edib. Auditə əsasən, qurum bir sıra nöqsanlara yol verib.

Audit nəticəsində dövlət sifarişi ilə təhsil alan, lakin müxtəlif səbəblərdən universitetin tələbələri sırasından xaric edilmiş tələbələr üzrə təhsil haqqı məbləği dövlət büdcəsinə qaytarılmadığı aşkar edilib. Həmçinin “Maarifçi Tələbə Kredit” Fondu ilə təhsil krediti haqqında müqavilə imzalayan tələbələr üzrə hesablanmış təhsil haqqı məbləği universitetin zərərinə silinib.

Azərbaycan vətəndaşı olmayan tələbələrə təqaüd verilib?

Ali təhsil müəssisələrinin inşaat, maddi-texniki təchizat, kadr potensialı və strukturuna qoyulan minimum normaların tələblərinə bəzi hallarda əməl olunmayaraq artıq ştatlar saxlanılıb.

Əmək haqqına əlavələrin düzgün tətbiq edilməməsi nəticəsində “Gənc istedadlar Liseyi”nin müəllimlərinə artıq, eyni zamanda universitetdə işləyən məcburi köçkünlərə düzgün olmayaraq əlavə əmək haqqı, müvafiq normativ-hüquqi aktların tələbləri düzgün tətbiq olunmayaraq universitetdə təhsil alan və Azərbaycan vətəndaşı olmayan tələbələrə də təqaüd ödənilib.

Dövlət büdcəsinə qaytarılmalı vəsaitlər mənimsənilib

2016-cı ildə “Təhsil” xərcləri bölməsindən “Gənc İstedadlar Liseyi”nə, “Təhsil sahəsində tətbiqi tədqiqatlar” köməkçi bölməsindən “Elm” xərclərinə, “Tələbələrə verilən təqaüdlər” xərc paraqrafına ayrılmış vəsaitin müvafiq illər üzrə istifadə olunmayan hissəsinin büdcəyə qaytarılması, Vergi Məcəlləsinə uyğun olaraq qeyri-rezidentdən gəlir vergisinin tutulması təmin edilməyib.

Hesabat dövründə əldə olunan gəlir ”Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”da düzgün göstərilməyib, “Digər təşkilatlardan köçürmələr” hesabında xarici və daxili mənbələr hesabına alınmış qrant məbləğlərinə görə bank hesablarında olan qalıqlar ”Maliyyə vəziyyəti haqqında hesabat”a daxil edilməyib.