‘Heykəl məhbus’unun səhhəti ağırlaşıb: “Təcili tibbi müdaxiləyə ehtiyac var”

Siyasi məhbus Bayram Məmmədovun səhətində problemlər yaranıb. Onun səhtəti hal-hazırda çox pisdir.

Abzas.net xəbər verir ki, bu barədə N!DA Vətəndaş Hərəkatının üzvü Samir Əsədli məlumat yayıb.

Gənc fəal bildirib ki, məlumatı siyasi məhbuslar ötürüblər. Onun sözlərinə görə, Bayram Məmmədovun qızdırması artıq 3 gündür ki, 39-dan aşağı düşmür. Baş ağrı və ürək bulanmaları kəskinləşib.

“Həbsxana həkimləri dəqiq diaqnoz qoya bilmirlər. Həkimlər əvvəlcə soyuqdəymə, daha sonra isə, zəhərlənmə diaqnozu qoyublar. Hələki Bayram Məmmədovun xəstəliyinə çarə tapa bilmirlər. Onun təcili tibbi müdaxiləyə ehtiyacı var. Gözlərinin altı da qaralıb”, – deyə Samir Əsədli bildirib.

Xatırlatma

Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimli ilə birgə ötən il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib.

Onunla birlikdə saxlanan Q.İbrahimlidən də 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Ancaq gənclər məhkəmədə ittihamları qəbul etməyiblər. Keçmiş prezident Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” şüarı yazılmasına görə həbs edildiklərini bəyan ediblər. Məhkəmənin qərarı ilə onlara 10 il həbs cəzası verilib.