“İlk növbədə elmlər doktorları evlə təmin olunacaq” – Akif Əlizadə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Akademiya əməkdaşlarının mənzil bölgüsü ilə bağlı məsələyə münasibət bildirib.

Abzas.net xəbər verir ki, AMEA prezidentinin sözlərinə görə evlər ilk öncə elmlər doktorlarına, ikinci növbədə isə fəlsəfə doktorlarına veriləcək, ev bölgüsü qaydalar əsasında aparılacaq: “Heç bir qayda pozuntusuna yol verilməyəcək”.

Akif Əlizadə Akademiyaya aidiyyatı olmayan şəxslərə ev verilməyəcəyini qeyd edib.

AMEA ilə “Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanındakı yataqxananın ərazisində yeni inşa edilən binalardan həmin yataqxanada yaşayan və AMEA-da işləyən elmi işçilərin AMEA-ya ayrılmış mənzillərə köçürülməsi üçün mənzillərin bölüşdürülməsi işinə başlanılıb.