Lapşinə hökm oxundu: həbsdə qaldı, amma bir maddə üzrə bəraət verildi

Azərbaycanda həbsdə olan blogger Aleksandr Lapşinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Abzas.net xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə  hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, Aleksandr Lapşin  3 il müddətinə azadlıqdan məhrum edilib.

Lapşin bir maddə ilə bəraət alıb. Məhkəmə qərarına əsasən, bloggerin ittiham olunduğu Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi onun üzərindən götürülüb.

Xatırlatma

Bloger son sözündə ittihamları qəbul etməyib, lakin bəzi hərəkətlərindən peşman olduğunu demişdi:

“Dünyanın 126 ölkəsində olmuşam. Ömrüm gəzməklə keçib. Özümü günahkar hiss etmirəm. Lakin bəzi şeylərə görə peşmanam. Düşünmədən, bilmədən Azərbaycan və onun xalqımına zərər vurmuşam.

Mən bu bölgəni tanımırdım. Maraqlananda yalnız erməni mənbələrdən məlumat almışam. Xəbərim olmayıb. Ümid edirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü tez bir zamanda  bərpa edər. Qarabağ münaqişəsi tezliklə Azərbaycanın xeyrinə başa çatar”.

Prokuror Lapşinə 6 il 6 ay həbs cəzası verilməsini istəmişdi.