Rayonlarda leysan yağacağı və dolu düşəcəyi gözlənilir

İyulun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya bildirilib ki, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-34° isti, Bakıda gecə 22-24° isti, gündüz  31-33° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət  55-65 %  təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  23-24°,
Türkan, Hövsan, Sahil, Şıxda  25-26° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı, axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz  33-37°, dağlarda gecə 17-22° isti, gündüz 24-29° isti olacağı gözlənilir.