Rusiya Gürcüstan ərazisində irəliləyib, Bakı-Supsa onların nəzarətinə keçib

Rusiya ordusu Gürcüstanın Kaspi rayonunun Karapila kəndi istiqamətində “sərhədlərin demarkasiyası” adı altında irəliləyib. Bu barədə Gürcüstan mediası xəbər yayıb. 

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti faktı təsdiqləyib.

Rusiya hərbçiləri “sərhəd dirəklərini” Karapila kəndinə tərəf, Tortla çayı boyu düzüblər. Gürcüstan Xarici İşlər Nazirliyi bu addımı Rusiyanın “işğalçılıq siyasətinin davamı” və “təxribat” adlandırıb.

Nazirlik bildirib ki, beynəlxalq partnyorları ilə bu qanunsuz addımın qarşısını almağa çalışacaqlar.

Rusiya ordusunun irəliləməsi nəticəsində Bakı-Tbilisi-Supsa neft kəmərinin bir hissəsi də Rusiyanın nəzarətinə keçib.

Gürcüstan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Irakli Sesiashvili isə deyib ki, Bakı-Tbilisi-Supsa neft kəməri ilə bağlı risklər layihənin planlaşdırılmasında nəzərə alınıb və alternativ variantlar var.

“Qarabağda müharibə başlasa, Rusiya ora getmək üçün əsas magistraldan istifadə edəcək”

Briqada generalı Amiran Salukvadze deyib ki, məqsəd SSRİ dövrünün sərhədlərini bərpa etməkdir.

Qafqaz araşdırmalar mərkəzinin rəhbəri Mamuka Areshidze deyib ki, Cənubi Osetiya sərhədlərinin Gürcüstanın içərilərinə doğru çəkilməsində məqsəd Tbilisini Avroatlantika strukturlarına inteqrasiyadan çəkindirməkdir.

“Rusların digər məqsədi Cənubi Qafqazda Ermənistanla Rusiyanı birləşdirən əsas magistral yola çıxış əldə etmək ola bilər. Rusiya nümayəndələrinin özləri deyirlər ki, Dağlıq Qarabağda müharibə başlasa, Sxinvalidən Gümrüyə gedən yoldan istifadə edəcəklər”.

İndi ruslar Gürcüstanı Ermənistanla birləşdirən əsas magistral yoldan cəmi 1 kilometr məsafədə mövqe tuturlar.