Rusiyada baş verən yanğında beş nəfər azərbaycanlı ölüb [adlar]

Rusiyanın Krasnoyarsk diyarında baş verən yanğında azərbaycanlı ailə məhv olub.

İyulun 24-də yerli vaxtla saat 01.35-də Suxobuzimsk qəsəbəsinin yaxınlığındakı tikilidə yanğın baş verib.

Yanğın nəticəsində ailənin başçısı üç oğlu və bir qızı ilə birlikdə yanaraq ölüb.

Evin daha bir oğlu isə yanıq və dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbi araşdırılır.

Krasnoyarsk diyarı Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədr müavini Ayaz Məmmədov bildirib ki, yanğın zamanı ölənlərin hamısı azərbaycanlıdır.

Yanğın nəticəsində ailənin başçısı, əslən Tovuz rayonundan olan 1980-ci il təvəllüdlü İlyasov Vüqar Tahir oğlu, onun ailə üzvləri – 2007-ci il təvəllüdlü İlyasov Həsən Vüqar oğlu, 2011-ci il təvəllüdlü İlyasov Ümid Vüqar oğlu, 2014-cü il təvəllüdlü İlyasov Fərid Vüqar oğlu və 2016-cı il təvəllüdlü İlyasova Xədicə Vüqar qızı yanğının qurbanı olub, 2004-cü il təvəllüdlü İlyasov Hüseyn Vüqar oğlu isə yanıq və dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Yanğın baş verən vaxt ana evdə olmayıb.