Təlim zamanı NATO Litvada Patriot zenit raket kompleksləri yerləşdirib

NATO-nun Baltikyanı ölkələrdə təlimləri zamanı ilk dəfə olaraq uzunmənzilli Patriot zenit raket kompleksləri yerləşdirilib. Bu haqda məlumatı Litvanın Müdafiə nazirliyi bildirib.

Tobrug Legacy 2017 adlanan NATO təlimləri çərşənbə axşamı günü başlayıb. Təlimlərə Britaniya, ABŞ, Latviya və Polşa daxil olmaqla NATO-nun beş ölkəsinin quru qoşunları və hava müdafiə sistemləri cəlb olunub.

Litvanın Müdafiə nazirliyinin bildirdiyinə görə, raketlərin yerləşdirilməsi ABŞ-ın Litvanın təhlükəsizliyi məsələsinə sadiqliyini və Baltik dənizi regionunda strateji qabiliyyətlərin göndərilməsinə hazırlığını nümayiş etdirir.

Litva Rusiyanın Baltik dənizində hərbi dəniz donanmasına ev sahibliyi edən Kalininqrad anklavı ilə sərhədə malikdir. Rəsmi Vilnyüs Moskvanın regionda hərbi gücü ilə bağlı narahatlıqlarını ifadə edir.

NATO müttəfiqləri Baltikyanı ölkələr və Polşaya 4 min nəfərdən ibarət əsgəri qüvvə yerləşdirib. Bu addım Rusiyanın regionda hərbi mövcudluğunu balanslaşdırmaq məqsədilə atılıb.

NATO-nun təlimləri iyul ayının 22-ə qədər davam edəcək.

MƏNBƏVOA
Əvvəlki məqaləVəzifədən azad edilən generalın adam döyən oğlu saxlanılıb
Növbəti məqalədəAzərbaycan UEFA reytinqində 2 pillə irəliləyib