Tanınmamış “Dağlıq Qarabağ Respublikasında prezident seçkiləri” keçirilir

Çərşənbə günü tanınmamış “Dağlıq Qarabağ Respublikasında prezident seçkiləri” keçirilir.

“Prezident” vəzifəsinə iki namizəd – hazırda fəaliyyətdə olan “DQR prezidenti” Bako Sahakyan və Stepanakert/Xankəndi sabiq bələdiyyə başçısı Eduard Ağabekyan iddia edir.

Yarım prezident idarəçilik üsulunun tam prezidentlik idarəçilik üsuluna dəyişməsini nəzərdə tutan yeni konstitusiyaya əsasən, “üçillik keçid dövrü üçün prezident Milli Məclisin xüsusi iclasında seçilir”. 2020-ci ildən sonra, “prezident” yenidən ümumxalq səsvermə vasitəsilə seçiləcək.

Bugünkü seçkilərdə kimin qalib gələcəyi heç kəs üçün sirr deyil. 33 nəfərlik Milli Məclisin 28 üzvü təmsil olunan üç parlament fraksiyası – “Azad Vətən”, “Demokratik Artsax”, “Daşnaksutyun” – və daha bir, necə deyərlər, müstəqil millət vəkili Bako Sahakyanı dəstəkləyirlər.

Eduard Ağabekyanın namizədliyini üç nəfərdən ibarət “Hərəkat – 88” fraksiyası dəstəkləyir.

“Milli dirçəliş” partiyasının yeganə parlament təmsilçisi Hayk Xanumyan ikinci namizədin “rəqabətli seçkilər təsəvvürü yaratmaq üçün prosesə qoşulduğunu” deyir.

“Mən əminəm ki, Bako Sahakyan 2020-ci ildən sonra da prezident olmaq istəyəcək”, – Xanumyan yerli jurnalistlərə deyib.

Dağlıq Qarabağda 2017-ci il 20 fevralda keçirilən “referendumun” nəticələrinə görə qəbul olunmuş “konstitusiyaya” əsasən, 2020-ci ildə keçid dövrü başa çatdıqdan sonra həm prezident, həm parlament seçkiləri keçiriləcək. Baş nazir vəzifəsi ləğv ediləcək. Nazirlər kabinetini prezident formalaşdırıb, özü də rəhbərlik edəcək.

Yeni “konstitusiya” Bako Sahakyana 2025-ci il “prezident seçkilərində” də namizəd olmaq imkanı verir.

Növbəti təxribat

Rəsmi Bakı Azərbaycanın işğal olunmuş ərazilərində seçkilər keçirməyi “növbəti təxribat” kimi qiymətləndirir.

Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev kütləvi informasiya vasitələrinin sorğusuna cavab olaraq, iyulun 19-da qanunsuz “prezident seçki”sinin Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulması adlandırıb.

Azərbaycan XİN rəsmisi Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yaradılmış “qondarma rejimin parlamentinə 2015-ci il mayın 3-də keçirilmiş seçkilər, 2017-ci il fevralın 20-də konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendumun” beynəlxalq ictimaiyyət tərəfindən rədd edilib və tanınmadığını bəyan edib.

“Qanunsuz parlament tərəfindən saxta prezident seçkisinin keçirilməsi özünü gülünc vəziyyətinə qoymaqdan və öz-özünü aldatmaqdan başqa bir şey deyildir. Hər kəsə çox yaxşı məlumdur ki, qondarma rejimin kriminal rəhbərliyi, eləcə də saxta parlamentin üzvləri Ermənistanın siyasi-hərbi hakimiyyəti tərəfindən təyin olunur və yalnız marionet funksiyasını yerinə yetirirlər.”

Onun sözlərinə görə, “Ermənistan tərəfi əbəs yerə vaxt itirmək və öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə işğala son qoymalı, münaqişənin nizamlanması prosesində konstruktiv şəkildə iştirak etməli və beynəlxalq öhdəliklərinə əməl etməlidir”.

1994-cü ildə Rusiyanın vasitəçiliyilə imzalanmış atəşkəs razılaşmasından sonra Dağlıq Qarabağ və ətrafındakı Azərbaycan əraziləri erməni silahlılarının əlinə keçib. BMT erməni silahlı qüvvələrinin geri çəkilmələrini tələb edib.

Həmin dövrdən bəri tez-tez atəşkəs pozulması halları baş verir və tərəflər münaqişənin həll edilməməsinə görə bir-birini ittiham edir.

MƏNBƏBBC
Əvvəlki məqaləDSX sərhəd xətti ilə bağlı məlumat yayıb
Növbəti məqalədəBanklarda xarici valyutanın bu günə olan məzənnələri [siyahı]