Vəkil: “Əfqan Muxtarlı 21 kilo arıqlayıb”

Həbsdəki jurnalist Əfqan Muxtarlını həkimlər müayinə ediblər. Onun mədəsində “qastrit” yarandığı bəlli olub.

Bu haqda Azadlıq Radiosuna iyulun 28-də Bakı İstintaq Təcridxanasında jurnalistlə görüşən vəkili Zibeydə Sadıqova məlumat verib.

Ə.Muxtarlının ürəyində də problemlər yarandığı bildirilir.

“Ə.Muxtarlının nəbzi də yoxlanılıb. Onun ürək ritmlərinin normadan artıq oldyğu müəyyən edilib”, deyən vəkilin sözlərinə görə, Ə.Muxtarlı ciddi çəki itirib. Həbs edildikdən sonra çəkisi 21 kiloqram azalıb.

Vəkilin sözlərinə görə, jurnalisti müayinə edən həkimlər onun müalicəsi üçün respept yazıblar. Ancaq onun dərmanlarla təchiz edilməsi ilə bağlı hər hansı addım atılmayıb.

Z.Sadıqova Ə. Muxtarlının telefonla qanuni maraq kəsb edən şəxslərlə danışmasına yasağın hələ də qaldırılmadığını, həyat yoldaşı, bacısı ilə danışa bilmədiyini bildirib.

Xatırlatma

Gürcüstandan oturum izini alan jurnalist Ə.Muxtarlı mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Ə.Muxtarlının bildirməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib. Sərhədə gətirilərək Azərbaycana təhvil verilib. Onun deməsinə görə, sərhədə cibinə 10 min avro da qoyulub.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlıbir sıra araşdırma yazılarının da müəllifi idi.