Vəkil: “Gözəl Bayramlının ayaqları tutula bilər”

“Gözəl Bayramlı sərbəst oturub-qalxa bilmir. Ondan ayrılanda ayağa mənim köməkliyimlə qalxdı”

Bu sözləri vəkil Zibeydə Sadıqova iyulun 25-də Bakı İstintaq Təcridxanasında AXCP sədrinin müavini Gözəl Bayramlı ilə görüşündən sonra bildirib.

Vəkil G.Bayramlının səhhətilə bağlı problemlərin şiddətləndiyini deyib.

“Ayağındakı ağrılar dəhşətli hal alıb. Bu günlərdə həkimlər onu yenidən yoxlayıblar. Deyiblər ki, ayağının durumu olduqca pisdir, onların tutulması təhlükəsi yaranıb”, -vəkil bildirib.

Z.Sadıqova deyib ki, G.Bayramlının telefon hüququna məhdudiyyətlər də aradan qaldırılmayıb. Telefonla dostları, qohumları ilə əlaqə saxlaya bilmir. Çünki təcridxana rəhbərliyi icazə vermir.

Xatırlatma

AXCP sədrinin müavini Gözəl Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb. Haqqında Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi açılıb və barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib.

Rəsmi məlumatda Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı bildirilir.

“İş üzrə toplanmış istintaq materialları ilə həmçinin müəyyən edilib ki, Gözəl Bayramlı 2015-ci ilin yanvar ayından hazırkı vaxtadək 41 dəfə Gürcüstana səfərlər edib. Lakin heç bir vaxt üzərində hər hansı pul vəsaitinin olmasını bəyan etməyib”, – deyə məlumatda vurğulanır.

G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar və onun həbsi siyasi xarakter daşıyır, Gürcüstana isə müalicə məqsədilə gedib. Son illər Gürcüstanda 2 dəfə əməliyyat olunub.