Zəhranın atası kommunal sahədə işlə təmin olunub

“İyulun 4-də erməni təxribatı nəticəsində həlak olan Alxanlı kənd sakini Zəhra Quliyevanın atası Elnur Quliyev işlə təmin olunub”. 

Bunu Füzüli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Azvision-a bildirib. İcra başçısının sözlərinə görə, E.Quliyev kommunal sahədə çalışacaq.

“Biz bütün yas xərclərini, o cümlədən məzar daşının qoyulmasını öz üzərimizə götürmüşük. Ailəyə kömək məqsədilə Zəhranın atasının işlə təmin olunmasını təmin etdik. Nə lazımdırsa, ailəyə kömək edəcəyik”.

Alxanlı kəndində hər şeyin öz axarı ilə getdiyini deyən icra başçısı bildirib ki, belə hadisələr insanları qorxutmur:

“18 aylıq körpənin öldürülməsi çox ağırdır. Bunun mənəvi dəyəri ölçüzməzdir. Buna baxmayaraq, kənddə hər şey öz axarı ilə gedir. İnsanlar əkin-biçin işləri ilə məşğuldurlar. Belə şeylər bizi və camaatı qorxutmur”.

İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.