Əfqan Muxtarlının ürəyində problem var, amma ona dərman verilmir

Həbsdə olan jurnalist Əfqan Muxtarlı avqustun ilk günlərində həkim müayinəsindən keçirilib. Bu barədə Nemət Kərimli məlumat verib.

Onun sözlərinə görə, həkim jurnalistə bildirib ki, onun ürəyində problem var. Bu səbəbdən məhbusun nəbzi normadan xeyli yüksəkdir.

“Əfqan Muxtarlıya yazılan resept, onun saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasına təqdim edilib. Amma 10 gündən artıq vaxt keçməsinə baxmayaraq, Əfqan Muxtarlıya nə resept, nə də dərmanlar verilir”, – deyə Nemət Kərimli bildirib.

Vəkil bununla bağlı təcridxana rəhbərliyinə müraciət edəcəyini bildirib.

Xatırlatma

Əfqan Muxtarlı mayın 29-da Tbilisidə həbs edilərək Bakıya gətirilib. O, sərhəddi qanunsuz keçməkdə, qaçaqmalçılıqda, sərhədçiyə qarşı zorakılıq etməkdə ittiham olunur.

Ə.Muxtarlı ittihamları rədd edir. Amnesty International onu vicdan məhbusu kimi tanıyıb.

Gürcüstan hakimiyyəti onun Tbilisidə saxlanılmadığını, Azərbaycan hökuməti isə Muxtarlının sərhəddi qanunsuz keçərkən sərhədçilər tərəfindən saxlanıldığını bildirir.