Əli Həsənov: ‘Jurnalistlər başa düşsün ki, hüquqi ölkədə məsuliyyət fərdidir’

Baş nazirin müavini Əli Həsənov nəvəsinin qəza törətməsi ilə bağlı məsələyə münasibət bildirib. Bu barədə gununsesi.info saytı məlumat yayıb. 

Saytın əməkdaşları Əli Həsənovdan nəvəsi Nail Allahverdiyevin avtomobilinin yanması və iki nəfərin ölümü, üç nəfərin ağır yaralanması ilə nəticələnən qəzaya münasibət bildirməsini istəyiblər.

“Qaşqınkom”un sədri isə bu məsələdən danışmaq istəmədiyini bildirib: “Mən heç nə danışmaq istəmirəm. Mənim adımın mediada gündəmə gətirilməsinə gəlincə, hüququ ölkədə məsuliyyət fərdidir. Çox istərdim ki, media nümayəndələri də bunu başa düşsün. Başqa deyəcəyim bir şey yoxdur”.

Avqustun 3-də Heydər Əliyev prospektində iki nəfərin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən qəzada “Galendevagen” markalı avtomobilin sürücüsü müəyyən olunub.

Məlum olub ki, sükan arxasında “Qaçqınkom” rəhbəri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olub. DİN həmin gəncin cinayət məsuliyyətinə cəlb olunacağını bəyan edib.

Bundan əvvəlki açıqlamalarının birində baş nazirin müavini Əli Həsənov bildirmişdi ki, bütün məmurlar zəhmət çəkib övladlarına nəzarət etməlidir.