Almaniya ombudsmanı Mehman Əliyevin həbsini pisləyən bəyanat verib

İnsan hüquqları üzrə federal komissar Barbel Kofler avqustun 29-da Azərbaycanda “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə bağlı bəyanat yayıb.

“”Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi haqqında xəbərdən narahat oldum”, – deyə, Kofler bildirib.

Əliyevə qarşı cinayət təqibi nəticəsində vergilərdən yayınma, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları irəli sürülüb. “Turan”-ın bank hesablarının bağlanması ilə əlaqədar agentlik sentyabrın 1-dən fəaliyyətini dayandırmaq məcburiyyətindədir.

“Azərbaycanda mətbuat azadlığı sahəsində vəziyyət əvvəlkindən daha çox narahatlıq doğurur. Mən Azərbaycan hökumətini fikri ifadə azadlığı, mətbuat azadlığı və qanunun aliliyi sahəsində götürdüyü öhdəliklərinə riayət etməyə çağırıram.

Mehman Əliyevin məsələsini və Azərbaycanda mətbuat azadlığı sahəsində vəziyyəti diqqətlə izləməyə davam edəcəyəm”, – deyə, Kofler bildirib.

“Turan” uzun illərdir Azərbaycanda yeganə müstəqil informasiya agentliyi olaraq qalırdı. Ölkə 2017-ci ildə “Sərhədsiz Reportyorlar”ın 2017-ci il üzrə Dünya Mətbuat Azadlığı İndeksində 162-ci yeri tutub.