Apellyasiya Məhkəməsi Əfqan Muxtarlının şikayətini təmin etməyib

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Əfqan Muxtarlının həbs müddətinin uzadılması barədə məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Abzas.net xəbər verir ki, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən iclasda məhkəmə birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

XATIRLATMA

Jurnalist Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib.

Jurnalist özü Gürcüstandan oğurlanaraq gətirildiyini, rəsmi qurumlarsa onun sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını bildirir.

Ona Azərbaycan Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə güc tətbiqi, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıq maddələriylə ittiham irəli sürülüb.

Əfqan Muxtarlının Azərbaycana gətirilib həbs edilməsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.