Artur Rasi-zadə Gurbanguly Berdymukhammedov-la görüşüb

Azərbaycanın baş naziri Artur Rasi-zadəBakıda rəsmi səfərdə olan Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov ilə görüşüb.

Görüşdə iki ölkə arasında münasibətlərin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.

A.Rasi-zadə Azərbaycan ilə Türkmənistanın siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib. Baş nazir Azərbaycan-Türkmənistan iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edib. A.Rasi-zadə hər iki ölkənin geniş imkanlara malik olduğunu vurğulayıb.

Prezident Gurbanguly Berdymukhammedov Türkmənistanın Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən iqtisadi-ticari sahədə əməkdaşlığın inkişafında maraqlı olduğunu deyib. Türkmənistan dövlətinin başçısı neft və qaz istehsalçısı və ixracatçısı olan Azərbaycanın bu sahədəki fəaliyyətinə də toxunub.

Görüşdə Xəzər dənizinin hüquqi statusunun həlli yolları, geosiyasi və geoiqtisadi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.