Azərbaycan yanğınsöndürənləri və xilasedicilər Borjomidən ayrılırlar

Azərbaycan yanğınsöndürənləri və xilasediciləri bir həftə boyunca irimiqyaslı yanğının söndürülməsində Gürcüstan tərəfinə yardım etdikdən sonra Borjomi dərəsindən ayrılırlar. 

Bu barədə “Report” “Rustavi-2” telekanalına istinadən xəbər verir.

“Xüsusi texnika və işçi qüvvəsi Borjomi dərəsini tərk edir. Ermənistanın xilasetmə-yanğınsöndürmə briqadaları, Türkiyənin aviasiya briqadaları ərazini tərk edib. Tezliklə Azərbaycan və Belarus helikopterləri də Gürcüstanı tərk edəcək”, – telekanalın məlumatında deyilir.

Xatırladaq ki, kurort zonası olan Borjomi yaxınlığında meşədə irimiqyaslı yanğın avqustun 20-də baş verib. Yanğınsöndürənlər əvvəlcə yanğını lokallaşdıra bilsələr də, dağlıq relyef, külək və quru hava vəziyyəti mürəkkəbləşdirib, zaman-zaman yeni yanğın ocaqları yaranıb. Borjomi meşəsində əsas yanğın ocaqlarının söndürülməsində təqribən 1500 yanğınsöndürən-xilasedici iştirak edib, Azərbaycan, Türkiyə və Belarus yanğınla mübarizəyə kömək etmək məqsədi ilə helikopter və təyyarə göndərib, Rusiya, ABŞ və Avropa İttifaqı ölkələri yardım etməyə hazır olduqlarını bildiriblər.

Gürcüstanın prezidenti və baş naziri yanğınların söndürülməsində iştirak etdiklərinə görə Azərbaycan yanğınsöndürən-xilasedicilərinə təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.