Azərbaycanın qadın güləşi üzrə milli komandasının dünya çempionatı üçün heyəti açıqlanıb

Azərbaycanın qadın güləşi üzrə milli komandasının Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.

Federasiyanın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, mundiala 7 pəhləvan yollanacaq.

Böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (48 kq), Leyla Qurbanova (53 kq), Nataliya Sinişin (55 kq), İrina Netreba (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) çıxış edəcəklər. Qadın güləşçilər avqustun 7-dən Kiyevdəki Konça Zaspa təlim-məşq bazasında Ukraynanın yığma komandası ilə birgə hazırlıqları davam etdirirlər. Təlim-məşq toplanışı avqustun 21-dək davam edəcək.

Sərbəst və yunan-Roma güləşi üzrə yığma komandaların heyəti ötən gün açıqlanıb.

Qeyd edək ki, dünya çempionatında ilk olaraq 71 kq, 75 kq, 85 kq və 98 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə başlayacaq. Avqustun 22-də 59 kq, 66 kq, 80 kq və 130 kq-da yunan-Roma güləşçiləri, avqustun 23-də 55 kq, 58 kq, 63 kq və 75 kq-da qadın güləşçilər yarışacaq. Yarışların dördüncü günündə 48 kq, 53 kq, 60 kq və 69 kq çəkili qadın güləşçilər çıxış edəcəklər. 57 kq, 61 kq, 86 kq və 125 kq çəkidə sərbəst güləşçilər avqustun 25-də xalça üzərinə çıxacaqlar. Çempionatın son günündə isə sərbəst güləş üzrə 65 kq, 70 kq, 74 kq və 97 kq çəki dərəcəsində pəhləvanlar yarışacaq.

Görüşlərin idarə edilməsində Azərbaycanı I-S kateqoriyalı beynəlxalq dərəcəli hakim Hicran Şərifov təmsil edəcək.