Bakıda prezident övladları və gənc liderlərin diskussiyası təşkil olunacaq

Arxiv foto

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 21-24 avqust tarixində keçiriləcək Qlobal Gənc Liderlər Forumunda iştirak etmək üçün bir neçə ölkənin sabiq prezidentləri, baş nazirləri, nüfuzlu ictimai və dövlət xadimləri Bakıya gələcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliev, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç, Latviyanın sabiq prezidenti Valdis Zatlers, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdziya, İsrailin sabiq prezidenti Dalia İtzik, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Seragəldin, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin forumda iştirak edəcək.

Foruma bir sıra digər nüfuzlu ictimai xadimlər, habelə iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonaq  da dəvət olunub. Toplantı çərçivəsində keçirilən panel iclasları və qrup müzakirələrində gənc liderlər böyük siyasi təcrübəyə malik sabiq dövlət başçıları ilə interaktiv dialoq şəklində müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparacaqlar.

Foruma dünyanın 80-ə yaxın aparıcı gənc lider və tədqiqatçısının, dünyanın nüfuzlu ali təhsil ocaqlarının nümayəndələrinin, habelə bir sıra gənc iş adamlarının da qatılması gözlənilir.