BMT-nin 72-ci sessiyasında Azərbaycanın işğal olunmuş əraziləri müzakirə ediləcək

“Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” və “GUAM məkanında dondurulmuş münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihələri BMT Baş Assambleyasının 72-ci sessiyasının ilkin gündəliyinə daxil edilib.

Bu qətnamə layihələri BMT Baş Assambleyasının 71-ci sessiyası zamanı müzakirə olunmadığından, qarşıdakı sessiyanın gündəliyinə müvafiq olaraq 40 və 36-cı bəndlər altında daxil edilib.

Bu sessiyanın gündəliyinə ümumilikdə 171 bənd, o cümlədən, sülh və təhlükəsizlik, Afrikanın inkişafı, silahsızlaşdırma, narkotiklərin yayılmasına nəzarət, beynəlxalq terrorizmlə mübarizə və s. məsələlər üzrə bəndlər daxildir.

BMT Baş Assambleyasının 72-ci sessiyasının rəsmi açılışı sentyabrın 12-də Nyu-Yorkda keçiriləcək. Ənənəvi ümumi müzakirələr sentyabrın 19-dan 25-dək baş tutacaq.