Daxili Qoşunların qəzaya düşən hərbçisi müalicəyə pul tapmır

“Namiqlə açılır, gecəm Namiqlə bitir. Mənsiz qala bilmir. Məni görməyəndə özünü çırpır. Ayağa qalxmaq istəyir, bacarmır, əsəbləşir. Məndən başqa kim bacarmır onunla”.

Bu sözləri Daxili Qoşunların keçmiş əsgəri Namiq İsayevin anası Məlahət deyir.

Sputnik.az yazır ki, 27 yaşlı Namiq İsayev artıq 4 ildir ki, yataq xəstəsidir.

Elə bilirdim, tezliklə sağalıb ayağa qalxacaq

Valideynləri deyirlər ki, Namiq idmana maraq göstərib, boksla məşğul olub. Hərbi xidmətini başa vurduqdan sonra, 2011-ci ildə yenidən Daxili Qoşunların Quba rayonunda yerləşən hərbi hissəsində xidmət etməyə başlayıb.

“Həkimlər deyirdilər ki, ağır kəllə-beyin travması alıb. Deyirdilər ki, elə belə də qalacaq. “Onun yenidən özünə gəlməsi üçün 5-6 il lazımdır”, deyirdilər. Mən isə inana bilmirdim. Elə bilirdim, tezliklə sağalıb ayağa qalxacaq.

Namiq İsayev (soldan birinci) hərbi xidmət illərində

8 ay xəstəxanada qaldı. Mən də yanında qalırdım. Başının üstündə Allaha yalvarır, balamın tez sağalması üçün dua edirdim. Elə qorxurdum ki, onu itirərəm deyə” – Məlahət xanım deyir.

Daxili qoşunların keçmiş əməkdaşı dövlət başçısından yardım istəyir

Namiq evə buraxılandan sonra ailənin qayğılı günləri başlayır. Məlahət xanım deyir ki, oğlunun müalicəsi üçün nələri varsa, satıblar:

“Uşaq taxta kimi idi. Nə hərəkət edə bilirdi, nə də deyilənləri başa düşürdü. Nəsrəddin Tusi adına kinikada həkim Angelsin müalicəsi ilə Namiq bir qədər özünə gəldi. Bu müalicə bizə 28 min manata başa gəldi. İlk iki ayı 5 min manatdan verdik. Angels həkim deyirdi ki, müalicə davam etsə, Namiq ayağa qalxa bilər. Amma müalicəni davam etdirməyə imkanımız olmadı”.

Anası onu körpə uşaq kimi əzizləyir: “Canım oğlum, şirin oğlum”. Namiq isə məsum uşaqlar kimi gülümsəyir. Anası deyir ki, hər şeyi başa düşür, sadəcə danışa bilmir, fikirlərini deyə bilmir.

Başqa döyəcək qapımız qalmayıb

Namiq İsayevin əməliyyat edilərək yenidən ayağa qalxması üçün 50 min manat lazımdır. Atası Qəhrəman İsayev deyir ki, Rusiyada həkimlər var, danışıblar:

“Mən Namiqi Tehrana da aparmışam. Dedilər müalicəsi var, amma bahadır. İnanın Allaha hər şeyimi satmışam. İndi qardaşımın evində yaşayıram. Bakıxanovda evimi, avtomobillərimi, mal-qaramı satmışam. Hamısını Namiqin ayağa qalxa bilməsi üçün xərcləmişəm. Bura qədər edə bilmişəm. Hərəkət edə bilir, başa düşür, gülümsünür, ağlaya bilir. Qoluna girəndə addım ata bilir, bircə gəzməyi qalıb. Heç nə istəmirəm, bircə ayağa qalxıb özünü idarə edə bilsin, yetər”.

Namiq İsayevin valideynləri deyirlər ki, onun müalicəsi üçün lazım olan pulu ödəməyə imkanları yoxdur. Buna görə dövlət başçısı İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban Əliyevadan yardım istəyirlər:

“Başqa döyəcək qapımız qalmayıb. Namiq Daxili Qoşunlarda xidmət edib. 18 may 2013-cü ildə işə gedərkən Quba yolunda qəzaya düşüb. Yoldaşlarından 5 nəfəri ölüb, bir neçəsi ağır yaralanıb. Namiq isə 4 ildir ki, yataq xəstəsidir. Çox xahiş edirik ki, Namiqin yenidən ayağa qalxa bilməsi üçün lazım olan səhiyyə tədbirlərinin həyata keçirilıməsinə yardım etsinlər. Bizim buna çox ehtiyacımız var…”