Direktor: “Bakıdakı beş ulduzlu otellərdə “ABAD” sərgi-satış mərkəzləri fəaliyyət göstərəcək”

“Bakıdakı beş ulduzlu otellərdə “ABAD” sərgi-satış mərkəzləri fəaliyyətə başlayacaq”.

Bunu “Report”a açıqlamasında Ailə Biznesinə Asan Dəstək (ABAD) publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev deyib.

O bildirib ki, hazırda ölkədə üç “ABAD” sərgi-satış mərkəzi fəaliyyət göstərir: “Mərkəzlərin biri turistlərin sıx olduğu İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruq İdarəsində, digəri isə Azərbaycana hava nəqliyyatı ilə səfər edən turistlərin tələbatını qarşılamaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanının “Duty Free” zonasında yaradılıb. Bu gündən isə üçüncü “ABAD” sərgi-satış mərkəzi Dəmir Yolu Vağzalında fəaliyyətə başlayıb”.
Direktorun sözlərinə görə, mərkəzlər xüsusi dizaynda hazırlanıb və burada Azərbaycanın müxtəlif regionlarından nəfis əl işləri, bal və mürəbbə kimi turistlərin böyük maraq göstərdiyi ərzaq məhsulları təqdim olunur: “Mərkəzlərin alıcıları daha çox turistlərdi”.