ETSN meşə yanğınları ilə bağlı məlumat yayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə yanğınları ilə bağlı açıqlama yayıb.

Abzas.net xəbər verir ki, bu barədə ETSN-in mətbuat xidməti məlumat verib.

Məlumatda bildirilir ki, 28 avqust 2017-ci il tarixində Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Bum meşəbəyliyinin 2 saylı dolayında, 29 avqust 2017-ci il tarixində səhər saat 8 radələrində isə Oğuz MMBM-in Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında yanğın hadisələri baş verib.

Yanğın baş vermiş ərazilərə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları cəlb olunub.
Bum meşəbəyliyində baş verən yanğının əhatə etdiyi ərazi hündür və sərt yamaclıqdan ibarət olduğundan yanğınsöndürən maşınların əraziyə qalxması mümkün olmayıb. Əsasən əl əməyindən və FHN-nin helikopterindən istifadə edilməklə həyata keçirilən intensiv tədbirlər nəticəsində yanğın 29 avqust 2017-ci il tarixində saat 15 radələrində lokallaşdırılıb. İlkin hesablamalara görə yanğın nəticəsində 10 hektara yaxın ərazidə quru ot və kol örtüyü yanıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.
Oğuz MMBM-in Xaçmaz meşəbəyliyində baş vermiş yanğın isə saat 14 radələrində tam söndürülüb. Yanğın nəticəsində 0.5 hektar ərazidə quru ot və kol örtüyü yanıb.
Yanğınların hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.
Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.